“OHA” VAR DAĞA QALDIRAR, “OHA” VAR DAĞDAN DÜŞÜRƏR”

“Böyük dayaq” filmində belə bir ifadə var: “Oha” var dağa qaldırar, “oha” var dağdan düşürər”... Bilirsiniz, sözün və səsin sirrini kəşf edənlər daha rahat yaşayırlar. Onlar idarə etməyi və eyni vaxtda bunu qarşı tərəfə hiss etdirməməyi bacarırlar.

Bəzən insanlar “Mən dedim, o başa düşmədi”, “Mən haqlıyam, o haqsız” eqosunun burulğanına elə qapılırlar ki, o fikri söyləmə məqsədindən uzaqlaşırlar.

Bir dəfə tanış xanımlardan biri ilə görüşdük. Söhbət söhbəti çəkdi, avtomobil sürüb-sürmədiyini soruşdum. Bu sualı ona illər öncə də vermişdim. O zaman nişanlı olduğu adamın buna icazə vermədiyini deyərkən o qədər üsyankar görünürdü ki! Sonra həyatını başqa biri ilə davam etdirmişdi...

Bu dəfə qız sualıma cavab verərkən rahat, halından məmnun idi. Məlum oldu ki, bu adam da onun avtomobil sürməyini istəmir. Bəs qızın buna öz xoşu ilə razılıq verməsinin, maşının artıq onun üçün əhəmiyyətsiz olmasının səbəbi nə idi? Sevgi? Əslində, cavab birbaşa “bəli, sevgi” deyil...

Qadağanı qoyan adamlardan birincisi belə demişdi:

“Mənim boyumu yerə soxmaq istəyirsən? Qadın nədir, maşın nədir, bir də bu mövzunu açma!”

Digəri isə “Maşın almağına etiraz eləmirəm. Sən özünlə bağlı hər şeyə sərbəst qərar verəcək qədər ağıllı birisən. Hörmət edib fikrimi soruşduğun üçün isə çox sağ ol. Sadəcə, içimdə belə bir hiss var ki, mən səni avtomobildə itirəcəm. Sən hər dəfə harasa gedəndə yanıma sağ-salamat dönənə qədər ölüb ölümdən qayıdacam. Görək, buna neçə il tab gətirəcək mənim zəif ürəyim”, – demişdi.

Bu yanaşmaya kimin ürəyi dayanar? Hətta real olaraq qarşı tərəf adamın onu idarə etdiyini anlasa belə, alt şüur öz işini görür. Alt şüur deyir ki, adam səni sevir, qoruyur, əzizləyir. Onu incitmə, sənin üçün narahat qalıb ürəyinin xəstələnməsinə icazə vermə..

Sözün sehrindən düzgün istifadə edənlər həm məqsədlərinə nail olurlar, həm də bu zaman nə özlərinə, nə də başqalarına əsəb yaşatmırlar...

25 Fev 2021

Digər bloglar

NATİQLİK SƏNƏTİNİN YARANMA TARİXİ- I HİSSƏ

25 Fev 2021

DİŞLƏR

25 Fev 2021

DİLİMİN UCUNDAKI KƏLMƏLƏR

25 Fev 2021
Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.