Cəlalə Nəzəroğlu

Cəlalə Nəzəroğlu

Cəlalə Nəzəroğlu 1984-cü ildə anadan olub.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb.

Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib.

Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu "SAYGIN Coaching& Consulting" Fərdi İnkişaf Mərkəzində təlim alıb.

Bir çox dövlət qurumlarında, özəl şirkətlərdə, QHT-lər, ali və orta məktəblərdə səlis danışığı fərqli formatda öyrədən seminar və təlimlər verib, fəaliyyətini davam etdirməkdədir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Nitq mədəniyyəti müəllimi kimi fəaliyyət göstərib. Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan ASAN radionun redaktor və aparıcısı olub.

“Libraff” mağazalar şəbəkəsinin direktoru olub.

Sistemli məşqlərlə qısa zaman ərzində səlis danışığı öyrənməyə yardımçı olan "Danışığınla həyatı qazan" kitabının müəllifidir. Kitab dəfələrlə təkrar çap edilib, Azərbaycanda ən çox satılan kitablar siyahısında yer alıb.

Hazırda Azərbaycanda ilk və yeganə diksiya mərkəzinin – Diksiya Akademiyası MMC-nin təsisçisi və direktorudur. Komandası ilə birlikdə yaşından, sosial statusundan asılı olmayaraq, hər kəsə dolğun səs, təmiz tələffüz və bol söz ehtiyatı ilə düzgün danışmağı – diksiyanı öyrədir.

Cəlalə Nəzəroğlu uzun illərdir dilimizin saflığının qorunması, təbliğatı istiqamətində bir çox layihə həyata keçirib. O, davamlı olaraq mediada dil, nitq mədəniyyəti ilə bağlı müsahibələrlə çıxış edir.

Dilimizin imkanlarından asan və yaddaqalan formada izah edən radio və TV layihələrinin müəllifi kimi tanınır. ASAN radioda uzun illər yayımlanan “Ana dili”, REAL televiziyasında efirə gedən “Redaktor” belə layihələrdəndir. Cəlalə Nəzəroğlunun çoxsaylı izləyicisi olan Youtube kanalı bir çox insana məsafədən səlis danışmağı öyrədir.

Cəlalə Nəzəroğlu “Facebook”, “İnstagram”, “Tvitter”, “Linkedin” və “Youtube”da məşhur olan bir sıra layihələrin müəllifidir. “O söz elə deyil” haştaqı ilə tanınan layihə belə məzmunlardan biridir. Müəllif uzun illər doğru bilinən yanlışları seçib, müasir sosial media tələblərinə uyğun cəlbedici formada təqdim edir. Dilçiliyə və diksiyaya aid video çarxlar çəkir, canlı yayımlar açır, seminarlar verir.

Bir sıra qurumlar tərəfindən keçirilən natiqlik yarışmalarına jüri kimi dəvət edilir. Rəhbərlik etdiyi Diksiya Akademiyası MMC “ASAN xidmət”lə birlikdə “Ana dilində hekayəni danış” adlı natiqlik çempionatı keçirib. Bu, gənclər arasında Azərbaycan dilində düzgün danışmaqla bağlı böyük həvəs və maraq yaradıb.

Hazırda Diksiya Akademiyası MMC-yə rəhbərlik etməkdədir.

Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.